İqtisadiyyat

“Toyota” və “Honda” Malayziyada avtomobil istehsalını dayandırıb

Yaponiyanın aparıcı avtomobil istehsalçıları “Toyota Motor Corporation” və “Honda Motor Co” Malayziyada qüvvəyə minən koronavirus məhdudiyyətləri səbəbindən həmin ölkədə avtomobillərin istehsalını və satışını dayandırmağa qərar veriblər.
“APA-Economics”in məlumatına görə, bu barədə “Nikkei” yazır.
Məlumata görə, hər iki şirkətin Malayziyada iki zavodu var. Malayziya hökumətinin tələblərinə görə, avtomobil istehsalçıları zavodlarda işçilərin cəmi 10%-ni saxlamaq məcburiyyətində qalıblar. Nəticədə, müəssisələrin adi rejimdə işləməsi qeyri-mümkün oldu.
Xatırladaq ki, Malayziyada son bir il ərzində ən sərt sosial-iqtisadi məhdudiyyətlər çərşənbə axşamı, koronavirusa yoluxanların sayının kəskin artması fonunda qüvvəyə minib. Sərt tədbirlər 14 iyun tarixinədək bütün ölkədə qüvvədə olacaq və bundan sonra vəziyyət yaxşılaşarsa, mərhələli olaraq ləğv ediləcəyi gözlənilir.
May ayında Malayziyada koronavirusa yoluxanların sayı kəskin şəkildə artmağa başladı. Ötən həftə ölkədə növbəti anti-rekord qeydə alınıb – sutkada 9 mindən çox yoluxma faktı. Mütəxəssislər bunu Malayziyada virusun Hindistan ştammının aşkarlanması, onun yayılma dərəcəsinin yüksək olması və koronavirus testinin yetəri qədər olmaması ilə izah edirlər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button