İqtisadiyyat

TRACECA Katibliyi konteyner daşımalarının inkişafı üzrə konsepsiya hazırlayıb

TRACECA Hökumətlərarası Komissiyanın Daimi Katibliyi 2030-cu ilədək konteyner daşımalarının inkişafı üzrə konsepsiya hazırlayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə “TRACECA çərçivəsində beynəlxalq dəmiryol daşımalarının rəqabət qabiliyyətliliyinin artırılması” mövzusunda təşkil olunan virtual sessiyada çıxış edən Daimi Katibliyin Baş katibi Aset Asavbayev bildirib.
Onun sözlərinə görə, konsepsiya layihəsi Avropa və Asiya ölkələri arasındakı ticarət əlaqələrinin təhlilini, müntəzəm konteyner daşımalarının təşkilində mövcud vəziyyəti, 2030-cu ilədək trafik həcmlərinin proqnozunu, habelə TRACECA ölkələrinin ərazisində konteyner daşımalarının rəqabət qabiliyyətliliyinin artırılmasına dair tövsiyələri əhatə edir: “Bu sənədin yaxın gələcəkdə TRACECA Hökumətlərarası Komissiyasının iclası çərçivəsində təsdiqlənəcəyini gözləyirik”.
A. Asavbayevin sözlərinə görə, ümumiyyətlə, 2020-ci ildə nəql olunan malların həcmində 9% artım müşahidə olunub və ildə 20 fut ekvivalentində 8 min konteynerdən çox təşkil edib.
“Dəhlizin potensialını qiymətləndirmək üçün Avrasiya ölkələrinin ticarət əlaqələri ilə daha ətraflı tanış olduq. 2019-cu ilin məlumatlarına görə, ixrac məhsullarının 30%-nin üç Asiya ölkəsindən – Çin, Yaponiya və Cənubi Koreyadan gəldiyi məlum oldu. Eyni zamanda, bu üç ölkə Avropa İttifaqı (Aİ) ölkələrinin əsas ticarət tərəfdaşlarıdır. Beləliklə, Asiya-Avropa-Asiya istiqamətində daşımalar konteyner daşımalarının inkişafında böyük potensiala malikdir. TRACECA ölkələrinin əsas xarici iqtisadi tərəfdaşlarını da araşdırdıq. Nəticələr onu göstərdi ki, dəhliz ölkələri əsasən sərhədyanı və Aİ ölkələri ilə ticarət əlaqələrini həyata keçirirlər”, – deyə A. Asavbayev bildirib.
Baş katibin fikrincə, bu, bir daha onu təsdiqləyir ki, TRACECA-nın infrastrukturu, ilk növbədə, iştirakçı ölkələrin tranzit potensialını reallaşdırmaq üçün istifadə olunmalıdır. Konteyner daşımalarının potensial həcmlərini müəyyənləşdirmək üçün son 20 ildə Avropa və Asiyanın 75 ölkəsində daşınan malların ətraflı təhlili də aparılıb. Bu ölkələrin birbaşa və dolayı münasibətlərdə qarşılıqlı ticarəti TRACECA ölkələrinin ərazilərindən daşınan tranzit yüklərin həcminə təsir göstərə bilər.
A. Asavbayevin qeyd etdiyi kimi, bu ölkələr yerləşmələrindən və regional mənsubiyyətlərindən asılı olaraq 8 qrupa ayrılıb. Eyni zamanda, yük növləri və onların xüsusi çəkisi beynəlxalq standart ticarət təsnifatına əsasən 10 sinfə bölünür və sonradan Katiblik tərəfindən yüklərin gələcək daşınması üçün konteynerə uyğunluğunu təyin etmək üçün istifadə edilib.
A. Asavbayevin sözlərinə görə, 2020-ci ildən 2030-cu ilədək müddət gözlənilməzliyi ilə fərqlənəcək.
“Nikbin baxışa əsasən, proqnozlar ticarət üzrə 3,4%, həcmlər üzrə isə 2,9%-lik orta illik artım tempi verir. Bu, 2030-cu ildə Avrasiya ticarətinin həcminin 13,3 trln. ABŞ dolları təşkil edəcəyini göstərir ki, bu da 2019-cu illə müqayisədə 45% çoxdur, həcm baxımdan isə bu, 6,7 mlrd. ton təşkil edəcək ki, bu da 2019-cu ilin göstəricilərini 30% üstələyir”, – o bildirib.
Qeyd olunub ki, bu rəqəmlər TRACECA ölkələri ərazisindən tranzit konteyner qatarlarında daşınması mümkün olan yük həcminin müəyyənləşdirilməsində başlanğıc nöqtə rolunu oynayır. Katibliyin məlumatına görə, ümumi ticarətin 3%-i dəhliz marşrutu boyunca tranzit yolu ilə nəql ediləcək ki, bu da təxminən 15 mln. ton yük deməkdir.
A. Asavbayevin də qeyd etdiyi kimi, hesablamalar mineral yanacaq nəqlinin həcmini əhatə etməyib, çünki bu məhsul dəniz yolu ilə və ya boru kəmərləri ilə nəql ediləcək.
“Səsləndirdiyim 15 mln. ton yükün 54%-i əsas və ara yüklərlə birlikdə konteynerli yüklərdən, yəni istehlak mallarından ibarətdir. Beləliklə, 2030-cu ilədək maksimum proqnozlaşdırılan həcm 20 fut ekvivalentdə 760 min konteyner və ya 9 min konteyner qatarı təşkil edəcək”, – deyə A. Asavbayev bildirib.
Onun fikrincə, geri yükləmə məsələsi aktual məsələ olaraq qalır və bu vəziyyətdə hər iki istiqamətdə 100% təmin edilmiş yükləmə həcmi ildə 290 min konteyner və ya 3 300 konteyner qatarında qiymətləndirilir.
“Gördüyü kimi, TRACECA dəhlizi yük axınını təmin etmək perspektivi ilə reallaşdırılmamış böyük bir potensiala malikdir və bunu birlikdə həyata keçirməliyik. Daimi Katiblik tərəfindən həyata keçirilən işlərin konteyner daşımalarının bir qədər də inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminəm”, – Asavbayev qeyd edib.
Konsepsiyanın formalaşmasına paralel olaraq Daimi Katiblik malların dəmir və dəniz yolları ilə daşınması üçün rəqabət qabiliyyətli qiymətlərin azaldılmasına yönəlmiş yanaşmalar üzərində işləyir.
“Ümumiyyətlə, bu ilin III rübünün sonunadək Tariflərin Müəyyənləşdirilməsi Metodologiyası üzərində işi tamamlamağı və TRACECA-ya üzv ölkələrin səlahiyyətli qurumları və təşkilatları ilə əlaqələndirməyi planlaşdırırıq. Eyni zamanda, hazırda Türkiyə tərəfi ilə bu ölkənin ərazisində malların rahat şəkildə daşınmasını təmin etmək məqsədilə bütün dəhliz boyunca tətbiq olunmasını təmin edəcək CIM/SMGS yol vərəqəsi sənədinin tanınması istiqamətində işlər aparılır. Gələcəkdə TRACECA məkanında sözügedən sənədin elektron versiyasından istifadə məsələsini işləməyi planlaşdırırıq. Bundan əlavə, Daimi Katiblik gələcəkdə malların dəmir yolu ilə də daşınmasını sadələşdirməyə imkan verəcək blokçeyn texnologiyalarının istifadəsi daxil olmaqla yeni həllər üzərində fəal işləyir”, – A. Asavbayev vurğulayıb.
TRACECA dəhlizində konteyner xidmətinin rəqabət qabiliyyətliliyinin artırılmasının bütün aspektlərini təhlil edərək, Katiblik tərəfindən Konsepsiyada yüklərin konteyner qatarları ilə daşınması üçün ticarət və texniki şərtlərə dair çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi də nəzərdə tutulub.
A. Asavbayevin sözlərinə görə, bu tövsiyələr, ilk növbədə, tariflərin formalaşdırılması, dəniz və dəmir yolları idarələrinin inteqrasiyası, uyğunlaşdırma və standartlaşdırma, həmçinin dəhlizin təşviqi məsələlərinin yaxşılaşdırılmasına yönəlib.
“Ölkələrin dəstəyi və fəal köməyi ilə TRACECA təşəbbüslərinin və konteyner daşımalarının inkişafı konsepsiyasının müddəalarının həyata keçirilməsi yaxın gələcəkdə multimodal daşımalar üçün ən rahat şəraitin yaradılmasına əhəmiyyətli töhfə verəcək”, – A. Asavbayev bildirib.
Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 491,4 min ton olub, bu da 2019-cu ilin göstəricisindən 27% azdır. Yüklərin 20 656,4 min tonu və ya 53,7%-i avtomobil nəqliyyatı, 12 820,2 min tonu və ya 33,3%-i dəmir yolu nəqliyyatı, 5 014,8 min tonu və ya 13%-i dəniz nəqliyyatı ilə daşınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button