İqtisadiyyat

Turizm sektorundakı tənəzzülə görə qlobal iqtisadiyyat bu il 2,4 trln. dollar itirə bilər

Koronavirus pandemiyası səbəbindən turizm sektorunda yaranan tənəzzül 2021-ci ildə qlobal ÜDM-in həcmi 1,7-2,4 trln. ABŞ dolları azala bilər.
“APA-Economics”in məlumatına görə, bu proqnoz BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hazırladığı hesabatda yer alıb.
“Bu ilin ikinci yarısında beynəlxalq turizmdə canlanma gözlənilir, lakin UNCTAD hesabatına görə, 2019-cu illə müqayisədə 2021-ci ildə 1,7-2,4 trln. dollar arasında itkilər gözlənilir”, – hesabatda deyilir.
Hesabatda vəziyyətin inkişafı üçün mümkün ssenarilər yer alıb. Ən bədbin ssenaryə görə, beynəlxalq səyahətlərin sayı bu il 75% azalacaq. Bu vəziyyətdə turizm sektoru 948 mlrd. dollar itirəcək və qlobal ÜDM ümumilikdə 2,4 trln. dollar dəyərində zərər görəcək. İkinci ssenari beynəlxalq turist səyahətlərinin təxmini 63% azalmasına əsaslanır. Üçüncü ssenari koronavirusa qarşı peyvəndlənmə səviyyəsi aşağı olan ölkələri 75% daha az ziyarət ediləcəyinə, əhalinin əhəmiyyətli bir hissəsinin peyvənd olunduğu ölkələrdə isə turist axınının 37% azalacağına əsaslanır. İkinci ssenariyə görə, qlobal ÜDM-in 1,7 trln. dollar, üçüncüyə görə isə 1,8 trln. dollar azalacağı proqnozlaşdırılır.
Hesabatın müəllifləri kütləvi peyvəndlənmənin turizm sektoruna əhəmiyyətli təsirinə diqqət çəkirlər. Peyvəndlənmə səviyyəsi yüksək olan ölkələrdə iqtisadi zərərlər bu prosesin daha zəif gedən ölkələrlə müqayisədə daha az olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, UNCTAD-ın məlumatına görə, 2020-ci ildə beynəlxalq turizmdə yaşanan tənəzzül səbəbindən qlobal ÜDM-in birbaşa və dolayı itkiləri 2,4 trln. dollar təşkil edib. 12 ayda beynəlxalq turizm səfərlərinin sayı 1 mlrd. və ya 73% azalıb. İnkişaf etməkdə olan ölkələr daha çox zərər çəkib, bu ölkələrə turist axını təxminən 60-80% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button