Cəmiyyət

Türkiyəli həkimlər 5 Qarabağ qazisini protezlə təmin etdi

Türkiyəli həkimlər Vətən Müharibəsində yaralanan Qarabağ qazilərinin protezlə təmin olunması ilə bağlı layihə həyata keçirirlər. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 qazi İstanbula aparılıb. Qazilərin protez ölçmələri Bakıda 3D skaner vasitəsilə aparılıb. Protezlərlə təmin edilən qazilər müalicə və reabilitasiya prosesindən sonra Azərbaycana geri dönəcəklər.

Qazi Novruz Novruzov Türkiyə mətbuatına bildirib ki, o, Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Müharibənin ilk günlərindən cəbhəyə gedib, Ağdərə istiqamətində yaralanıb.

“Mənimlə bərabər döyüşən 4 yoldaşım şəhid oldu. Mən isə sağ ayağımdan yaralandım. Daha sonra yardıma gələnlərin köməyi ilə döyüş bölgəsindən çıxarılaraq xəstəxanaya gətirildim”,-Novruzov danışıb.

N.Novruzov 45 gün xəstəxanada müalicə alıb, amma həkimlər onun ayağını kəsmək məcburiyyətində qalıblar. Türkiyədə protezlə təmin edilən qazi bunun üçün qardaş ölkənin həkimlərinə təşəkkür edib. Protezlə təmin edilən digər qazi Nicat Sultanov isə cəbhəyə könüllü olaraq gedib. Nicat deyib ki, döyüşlərdə sol ayağından yaralanıb, döyüşçü dostlarının köməyi ilə döyüş bölgəsindən çıxarılıb. 1 ay xəstəxanada müalicə olunub, həkimlər onun ayağını kəsiblər.

AID Protez Mərkəzlərinin koordinatoru professor Yaşar Tatar bildirib ki, Qarabağ müharibəsində yaralanan qazilərin protezləri yüksək texnologiya əsasında hazırlanıb. Qazilər protezlə təmin olunandan bir neçə gün sonra idmana başlayıblar. Tatar deyib ki, Qarabağ müharibəsində 1200 nəfər bədən üzvlərinin birini itirib. Onların protezlə təminatında Türkiyə əlindən gələn köməkliyi göstərməyə hazırdır. Türkiyə hər durumda Azərbaycanın yanındadır: “Qazilərin tez bir zamanda ayağa qalxması üçün nə edə biləcəyimizi müzakirə etdik və Azərbaycandakı həmkarlarımızla əlaqə saxladıq. İlkin mərhələrə 15 protez üçün köməklik göstərməyimizi xahiş etdilər. Protezi hazır olan 5 qazini Türkiyəyə gətirdik”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button