Cəmiyyət

Üç istirahət mərkəzinin sahibi cərimələndi

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir.
DİN-dən “Report”a verilən məlumata görə, növbəti belə tədbirlər zamanı Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Delfin” və Nardaran qəsəbəsində yerləşən “Golden Fish” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə həmin istirahət mərkəzlərinin sahibləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilən tədbir zamanı isə “Mirvari” istirahət mərkəzinin ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə həmin istirahət mərkəzinin sahibi barəsində də inzibati xəta haqqında protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button