Dünya

Ukraynanın azərbaycanlı əməkdar elm xadimi vəfat edib

Ukraynanın Maksim Qorki adına Donetsk Milli Tibb Universitetinin Ümumi cərahiyyə kafedrasının professoru, tibb elmləri doktoru Fərman Gülməmmədov vəfat edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Ukraynanın əməkdar elm xadimi 82 yaşında dünyasını dəyişib.
F.Gülməmmədov 1939-cu il noyabrın 7-də Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub, 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb.
F.Gülməmmədov 1991-1994-cü illərdə Bakıda fəaliyyət göstərib, 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
2002-ci ilin oktyabrında o, Ukraynanın əməkdar elm və texnika xadimi fəxri adına layiq görülüb, Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki seçilib.
Azərbaycanlı həkimin 2012-ci ildən etibarən çalışdığı M.Qorki adına Donetsk Milli Tibb Universiteti professorun vəfatı ilə bağlı başsağlığı yayıb. Bildirilib ki, elmə hədsiz sadiq, tələbkar və prinsipial rəhbər, xəstələrə daim diqqətli olan Fərman İbrahim oğlu onu sevən dostlar, həmkarlar və minnətdar pasiyentlərin xatirəsində həmişə yaşayacaq.
“Professor-müəllim heyəti, tələbələr və əməkdaşlar onun ailəsinə, doğma və yaxınlarına səmimi qəlbdən başsağlığı verir. Yeri doldurulmaz itkinin ağrı-acısını bölüşürük”, – başsağlığıda deyilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button