Cəmiyyət

Xırdalanda reyd keçirildi, maska taxmayan sərnişinlər cərimələndi – VİDEO

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində əldə edilən uğurların qorunub saxlanılması üçün qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər davam etdirilir.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Növbəti belə tədbir Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, profilaktik tədbir zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
“Qeyd edək ki, Abşeron rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bir daha vətəndaşlardan tələb olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi qoruyucu maskalardan mütləq şəkildə istifadə etsinlər”, – Mətbuat xidmətindən bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button