İqtisadiyyat

Yaxın günlərdə Abşeron yarımadasının dayazsulu hissəsində kəşfiyyat-qazma işlərinə başlanacaq

İyulun 2-də Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin səhmdarı ”Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyətini SOCAR-ın prezidenti Rövnəq Abdullayev qəbul edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə,  nümayəndə heyətinin tərkibində “KazMunayGaz” şirkətinin İdarə Heyətinin sədri Alik Aydarbayev, fondun və şirkətin rəhbər şəxsləri təmsil olunublar.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qazaxıstanın ”KazMunayGaz” Milli Şirkəti ilə həyata keçirilən birgə layihələrlə bağlı məlumat vermiş, geniş əməkdaşlıq perspektivlərindən, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan və Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsündə (CEPI) birgə fəaliyyətdən bəhs edib. O qeyd etmişdir ki, əməkdaşlığı daha da genişləndirmək, o cümlədən neft-qaz layihələrində birgə işləmək üçün böyük perspektivlər mövcuddur. Əlverişli imkanlardan biri kimi Azərbaycanın boru kəmərlərindən və digər infrastrukturlarından istifadə etməklə qazax neftinin dünya bazarlarına çıxarılması qeyd olunmuşdur. Görüşdə həmçinin SOCAR-ın CDC şirkətinin öz bazasında “KazMunayQaz” şirkətinə məxsus “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçdiyi və qurğunun yaxın günlərdə Dayazsulu Abşeron layihəsi çərçivəsində qazma işlərinə başlayacağı da qeyd edilib.
“’Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyev Qazaxıstanın birgə biznes layihələrinin potensialından söz açmış, son dövrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Qazaxıstanın gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlığa maraqlı olduğu qeyd edilib.
SOCAR TOWER ilə tanış olan qonaqlar Neft muzeyində və istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, iri həcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzində olublar.
Qonaqlar “Kaspian Drilinq Kompani Limited” MMC-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət etmişlər. SOCAR və bp şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi mərasimdə “Satti” özüqalxan üzən qazma qurğusunun modifikasiyası və cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat keçirilmişdir. Sonra nümayəndə heyəti “Sətti” qurğusunda görülmüş təkmilləşdirmə işləri ilə tanış olmuşdur. Əməliyyat dövründə qurğu üzərində menecmenti CDC şirkəti həyata keçirəcək.
Qeyd edək ki, “Samruk-Kazına” Milli Rifah Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankı (10%) Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən “KazMunayGaz” Milli Şirkətinin səhmdarlarıdır. “KazMunayGaz” Milli Şirkəti 2002-ci ildə yaradılmış, onun tərkibində 190-dan çox təşkilat birləşib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button