Siyasət

Yerli QHT-lərin xarici donorlara çıxışını məhdudlaşdıran əngəllər aradan qaldırılmalıdır – Qulamhüseyn Əlibəyli

“Qeyri-hökumət təşkilatlarına münasibətdə dövlət siyasətini həyata keçirən qurumun hüquqi statusunun dəyişdirilməsinin nə dərəcədə səmərəli olması bir müddətdən sonra məlum olacaq”. Bu fikirləri İstiqlal.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edilib və yerində eyni adlı Agentliyin yaradılması haqqında pezudent fərmanını şərh edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Partiya sədri qeyd edib ki, vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan qeyri-hökumət təşkilatları sektorunun inkişafı institusional dəyişikliklə yanaşı qüvvədə olan qanunvericiliyə bir sıra ciddi dəyişikliklər olunmasını da tələb edir. Belə ki, müxtəlif dövrlərdə qanunvericiliyə QHT sektorunun fəaliyyəti üçün inzibati məhdudiyyətlər yaradan bir sıra əlavə və dəyişikliklər edilib. Xüsusən 2013-2014-cü illərdə edilən əlavə və dəyişikliklərlə QHT-lərin, o cümlədən xarici dövlətlərin QHT-lərinin filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı, onların xarici donorlardan qrantlar və başqa maliyyə yardımları alması prosedurları əsassız inzibati və bürokratik maneələr hesabına xeyli mürəkkəbləşdirilib. Bir tərəfdən, qanunvericilikdəki həmin əsassız inzibati və bürokratik məhdudiyyətlər, digər tərəfdən isə təcrübədə həmin məhdudiyyətlərdən sui-istifadə halları bir çox xarici qeyri-hökumət təşkilatlarınıın və donorların Azərbaycan Respublikasını tərk etməsinə, ölkəmizə ayırması nəzərdə tutulan qrantların digər dövlətlərə yönəldilməsinə gətirib çıxardı. Bu və həmin dövrdə bir sıra fəal QHT-lərə qarşı tətbiq olunun repressiv tədbirlər son nəticədə vətəndaş cəmiyyətinin institutları kimi qeyri-hökumət təşkilatlarının rolunun və təsir imkanlarının zəifləməsinə səbəb oldu.

Buna görə də QHT sektorunun inkişafına nail olmaq üçün ilk növbədə xarici QHT-lərin filial və nümayəndəliyinin dövlət qeydiyyatı prosedurları sadələşdirilməli, yerli QHT-lərin xarici donorlara çıxış imkanlarını məhdudlaşdıran inzibati və bürokratik tələblər ləğv edilməlidir. Bunun üçün isə qüvvədə olan qanunvericiliyin dəyişdirilməsinə yönəlik təkliflər paketi qəbul edilməlidir – deyə Q.Əlibəyli öz fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button