İqtisadiyyat

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
AMEA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə YTP-nin baş direktoru Vasif Abbasov, icraçı direktoru Zaur Nəhmətov, eləcə də KOICA Azərbaycan ofisinin proqram koordinatorları Yeojun Kim və Səidə Səidi iştirak ediblər.
V. Abbasov qonaqlara texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elm tutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YTP-nin əsas məqsədlərindəndir.
V. Abbasov iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinin vacibliyi məsələsinə toxunaraq, bu prosesin yüksək dinamikasının təmin edilməsinin əsas yolunun elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq edilməsi ilə mümkün olduğunu vurğulayıb.
Əlavə edib ki, görüşün keçirilməsində əsas məqsəd Koreya ilə innovasiya sahəsində birgə əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə, bu ölkənin qeyd olunan sahədəki zəngin təcrübəsinin YTP-də tətbiqinə nail olmaqdır.
Baş direktor texnoparkın rezidentləri üçün yaradılan güzəştlər və münbit şəraitdən də söz açıb, ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən danışıb və qeyd edib ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri üçün YTP-də potensial şərait mövcuddur.
Görüşdə, həmçinin YTP-nin strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik olduğu qeyd olunub, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Yeojun Kim Koreya Respublikasının uğurlu innovasiya siyasətindən bəhs edib. O, Koreya təcrübəsinə olan yüksək münasibətə görə təşəkkürünü bildirib, KOICA-nın YTP-nin qarşıya qoyduğu vəzifələri həyata keçirməsində dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Görüş zamanı əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə edilib. İki qurum arasında ortaq istiqamətlərdə səmərəli əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button