GündəmManşet

Yüzlərlə azərbaycanlı ailə Donbassdan çıxa bilmir – “Ukrayna səfirliyi maraqlanmır, təhlükə qarşısındayıq…”

2014-cü ildən Rusiyanın fəal hərbi dəstəyi ilə sepratzimin girovuna çevrilmiş Ukraynanın şərq vilayətlərində yaşayan azərbaycanlılar çətin vəziyyətlə üzləşiblər.

Bu barədə onlardan biri Ramil Məmmədov “AzPolitika.info”-nun əməkdaşı ilə söhbətində bildirib. O, qeyd edib ki, 5 ildən artıqdır Donbassda yaşayır. Onun kimi yüzlərlə azərbaycanlı da bu bölgədə çalışıb pul qazanırlar.

“Burada vəziyyət yaxşı deyil, müharibədən sonra iqtisadiyyat dağılıb, əhalinin bir hissəsi Rusiyaya köçüb. Mədənlər, şaxtalar, müəssisələrin çoxu işləmir. Əhali çox kasıbdır, biz də bir təhər çalışıb-vuruş pul qazanıb Azərbaycana göndəririk. Amma son vaxtlar müharibə təhlükəsi artdığına görə, işləmək daha da çətinləşib. Tez-tez artilleriya səsləri eşidirik, müharibə başlasa, burada çoxlu sayda insan tələfatı ola bilər. Ona görə də çalışırıq ki, Donbaası tərk edək. Amma bu müşkülə çevrilib”,- deyə Ramil Məmmədov qeyd edib.

O bilrir ki, bölgəyə Ukrayna tərəfdən daxil olublar: “Bura üz tutan azərbaycanlıların əksəriyyəti Rusiyaya gedə bilmir, çünki müxtəlif vaxtlarda deportasiya ediliblər. Məndə olan məlumata görə, Donbaasda yüzlərlə azərbaycanlı yaşayır. Onların içində ailə başçısını itirmiş ailələr var ki, uşaqları ilə bərabər ağır məhrumiyyətlər içərisindədirlər. Ölkəyə qayıtmaq isə mümkün deyil. Əvvəla, çoxunun sənədləri yoxdur, pasportların vaxtı bitib. İkincisi, müharibə təhlükəsi ilə bağlı separatçı DNR Ukrayna ilə sərhədləri tam bağlayıb. Heç kimi buraxmırlar, onlar şərait yaratsa, bəlkə də Ukrayna sərhədçiləri bizə kömək edə bilərlər. Rusiya vasitəsi ilə sərhədi keçmək də mümkün deyil, bura da silahlılar kiminsə bölgəni tərk etməsinə icazə vermirlər. Eyni zamanda Rusiya pasport vaxtı birmiş şəxsləri, habelə deportasiya olunanları ölkəyə buraxmır”.

R.Məmmədov daha sonra bildirir ki, Ukraynadakı dostları vasitəsi ilə üzləşdikləri çətinliklərlə bağlı Azərbaycan səfirliyinə məlumat verilib. Amma səfirlik heç vəziyyəti öyrənməyə belə təşəbbüs etməyib: “Şifahi şəkildə deyiblər ki, həmin ərazidə Ukrayna qanunları işləmədiyinə görə bizə kömək edə bilməzlər. Bu xəbərdən çox məyus olduq, hər halda dövlətin imkanları çox böyükdür, cəhd göstərsələr, bizi buradan çıxara bilərlər”.

Ramil Məmmədov Donbassdakı azərbaycanlıların Azərbaycan hökumətindən kömək istədiklərini ifadə edib: “Bizim çox güclü, nüfuzlu dövlətimiz var. Bu məsələyə müdaxilə edərsə, soydaşlarımız təhlükəli şəraitdən xilas olub ailələrinin yanına dönə bilər. Bura artıq çox təhlükəlidir, həm də başsız qalmış onlarla ailə var ki, acınacaqlı şəraitdə yaşayırlar. Biz Azərbaycan rəhbərliyindən xahiş edirik ki, öz vətəndaşlarına yardım əlini uzatsın, bizi darda qoymasın”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button